Rayon rəhbəri bu gün daha bir Vətən Müharibəsi şəhidinin-Şükürov Azər Cahid oğlunun ildönümü ilə əlaqədar keçirilən məclisdə iştirak edib.
04 noyabr 2024 | 18:06
Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid olan Şükürov Azər Cahid oğlunun ildönümü mərasimi keçirilib.
Birinci Şahsevən kəndində keçirilən anım tədbirində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nın müavini və şöbə müdirləri də iştirak ediblər.
Azər Şükürov 11 fevral 1994-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur.
Azərbaycan Ordusunun əsgəri olan Azər Şükürov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azər Şükürov 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Bir müddət axtarılan nəşi həmin ilin 3 noyabr tarixində tapılmış və ertəsi gün doğulduğu Beyləqan rayonunun Birinci Şahsevən kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
"Cəbrayılın azad olunmasına görə" "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edildi.