Rayonun Birinci Şahsevən kəndində səyyar qəbul-görüş keçirilib.
01 fevral 2024 | 20:24
1 fevral 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayevin rayonun Birinci Şahsevən kəndində kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Rayonun idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Qəbulda çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev səyyar-qəbulların Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədi ilə keçirildiyini qeyd edib, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Daha sonra sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş edilib.
Kənd sakinləri içməli su təminatının yaxşılaşdırılması, internet kabel çəkilişindən sonra kənddaxili yolun cari təmir olunması, kənddaxili marşurut xəttinin açılması kimi müraciətlər ünvanlayıblar. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.
Qəbulda iştirak edən rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.