Rayonun Dünyamalılar kəndində Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Məhəbbət Mirzəyevin anım günü keçirilib.
Aprel şəhidimiz Məhəbbət Mirzəyevin anım günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı apratının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, rayonun idarə və müəssisə kollektivi, kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri onu məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyublar.
Daha sonra Dünyamalılar kəndində şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Qeyd edək ki, Mirzəyev Məhəbbət Ədalət oğlu 16 dekabr 1993-cü ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.
Orta məktəb illərində "Şahinlər", "Cəsurlar" hərbi oyunlarında fəal iştirakı ilə seçilib. 2014-cü ildə əsgərlik xidmətini bitirdikdən sonra vətənə xidmətini Beyləqan rayon N-saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi davam etdirib.
Bir müddət burada xidmət etdikdən sonra kəşfiyyata olan marağı onu Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılmağa vadar edib. O, bu kursu uğurla keçib və dəfələrlə gizli döyüşlərdə şücaət göstərib. 2015-ci il avqust ayının 18-də Çin Xalq Respublikasına xüsusi təlim kursuna gedib və orada atıcı-snayper kimi ixtisaslaşıb. Eyni zamanda Kitay-Uşusu idman növünü öyrənib. Həmin kursu yüksək nəticə və fərqlənmə ilə bitirdikdən sonra vətənə dönərək xidmətini davam etdirib.
Məhəbbət Mirzəyev Aprel döyüşləri zamanı- aprelin 4-də Talışkənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Qəhrəmanımız ölümündən sonra "Döyüşdə fərqlənməyə görə 3-cü dərəcəli medalı" ilə təltif olunub.