Rayonun İmamverdili kəndində səyyar qəbul-görüş keçirildi.
16 avqust 2022 | 15:53
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 16 avqust 2022-ci il tarixdə rayonun İmamverdili kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri İmamverdili kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Birinci və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən İmamverdili kəndindən olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakini Abdullayev Tanrıverdi Cəfərqulu oğlu əsas yoldan kəndin mərkəzinə gələn 6,0 km avtomobil yoluna asfalt örtüyünün salınması barədə müvafiq köməklik olunmasını, Bağırov Əlizadə Bahadur oğlu dövlət tərəfindən tikilmiş evinə qaz və işıq xətlərinin çəkilməsinə köməklik barədə, Hüseynova Nəsibə Sənham qızı həyat yoldaşı xəstə olduğunu nəzərə alaraq ona əlillik dərəcəsinin müəyyən edilməsi və pensiya təyin olunmasına köməklik barədə xahiş etdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
İmamverdili kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.