Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Şəfəq qəsəbəsində səyyar qəbul-görüş keçirildi.

20 sentyabr 2022 | 09:46
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 20 sentyabr 2022-ci il tarixdə rayonun Şəfəq qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Əvvəlcə Şəfəq qəsəbəsindən olan Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş abidə kompleksi ziyarət olundu. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Şəfəq qəsəbəsindən olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini, şəhid atası Yaqubov Hüseyn Fərman oğlu qəsəbə sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə müvcud artezian quyusunun elektrik xəttinə qoşulması üçün texniki şərtin alınmasını, Həsənov Rizvan Əli oğlu yaşadığı məhəllənin yaxınlığından keçən dren kanalının təmizlənməsini, Cabbarov Emin Elyas oğlu suvarma suyunun verilməsini, Kərimov Məmmədəli Həbib oğlu qəsəbə tam orta məktəbin yenidən tikilməsinə köməklik olunmasını xahiş etdi. Rayon İcra Hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Şəfəq qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.
Keçidlər