Rayonun Şərq qəsəbəsində səyyar qəbul-görüş keçirildi.
11 oktyabr 2022 | 17:25
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 11 oktyabr 2022-ci il tarixdə rayonun Şərq qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Tədbirdən öncə Şərq qəsəbəsinin mərkəzində şəhidlər abidə kompleksinin önünə qərənfil dəstələri qoyuldu.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Şərq qəsəbəsindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə qəsəbə sakini, şəhid atası Nağıyev Təyyar Aqil oğlu Şərq qəsəbə tam orta məktəbinin yenidən tikilməsi və qəsəbənin içməli suya olan tələbatının yaxşılaşdırılmasını, Feyziyev Həsən Həsrət oğlu “Araz çayı” vasitəsi ilə suvarılan torpaqlara suvarma suyunun verilməsini, Nüfərova Sevinc Məhəmmədəli qızı maddi yardım olunmasını, Əzizova Rahilə Ərşad qızı övladının Vətən müharibəsi iştirakçısı olduğunu nəzərə alaraq yardım olunmasını, Əliyev Səxavət Elyas oğlu isə ərazidə kabelləşmə işlərinin aparılmasına köməklik olunmasını xahiş etdi.
Rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir. Şərq qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.