Rayonun Türklər qəsəbəsində səyyar qəbul-görüş keçirilib
05 aprel 2024 | 11:17
Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş qrafikə əsasən 05 aprel 2024-cü il tarixdə Türklər qəsəbəsində səyyar qəbul keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev keçirilən səyyar qəbulların ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb.
Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra rayon rəhbəri sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.
Türklər qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.