Rayonun Türklər qəsəbəsində səyyar qəbul-görüş keçirilmişdir.
22 avqust 2023 | 19:59
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 22 avqust 2023-cü il tarixdə rayonun Türklər qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Türklər qəsəbəsindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakinləri suvarma suyu ilə təminatı yaxşılaşdırılması məqsədilə nasos stansiyasının tikilməsini, qəsəbə tam orta məktəb binasının əsaslı təmirini, qəsəbə yolunun asfaltlaşdırılmasını və kabelləşmə işlərinin aparılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Türklər qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.