Rayonun Xaçınabad kəndində səyyar qəbul-görüş keçirildi
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 19 aprel 2022-ci il tarixdə rayonun Xaçınabad kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Xaçınabad kəndində olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi. Görüşdə kənd sakini Əsədov İlyas Şükür oğlu suvarma suyunun verilməsi barədə müvafiq tədbirlərin görülməsini, İmranov Rza Yaqub oğlu Xaçınabad kəndinə telefon çəkilməsinə köməklik olunmasını, İsmayılov Rauf Fəxrəddin oğlu örüş üçün torpaq sahəsinin ayrılmasına köməklik barədə, Rəhimova Lala Sarı qızı Tək yaşamağını və maddi vəziyyətinin aşağı olmağını nəzərə alaraq maddi köməklik olunmasını , Hüseynov Rizvan Qara oğlu Xaçınabad kənd sakinlərinə torpaq sahəsinin verilməsi barədə köməklik göstərilməsini xahiş etdi. Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir Xaçınabad kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.