Rayonun Yeni Mil qəsəbəsində səyyar qəbul-görüş keçirildi.
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra hakimiyyətinin başçısı Asif Ağayevin 24 may 2022-ci il tarixdə rayonun Yeni Mil qəsəbəsində sakinlər ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.Tədbirdən əvvəl rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri Yeni Mil qəsəbəsində şəhidlərimizin xatirəsinə inşa edilmiş abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yeni Mil qəsəbəsində olan hərbçilərin mərdlik və qorxmazlığından danışdı. Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə qəsəbə sakini Babaşov Şirvan Usub oğlu Yeni Mil qəsəbəsində İçməli su probleminin həll olunmasına köməklik barədə, Əzizli Yaqub Camal oğlu pay torpaq sahəsinə subsidyanın verilməsinin gecikdirilməsi barədə köməklik olunmasını, Qarayev Məhəmməd Ramazan oğlu Yeni Mil qəsəbəsində dren kollektor şəbəkəsinin lildən təmizlənməsi barədə, Əliyev Rəhim Rəşid oğlu qəsəbənin daxili məhəllə yolunun cari təmir olunması barədə köməklik olunmasını istədi.
Rayon İcra hakimiyyətinin başısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yeni Mil qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.