Rayonun Yuxarı Çəmənli kəndində səyyar qəbul-görüş keçirilmişdir.
18 aprel 2023 | 20:10
Beyləqan rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevin 18 aprel 2023-cü il tarixdə rayonun Yuxarı Çəmənli kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri, ərazidə yaşayan yerli sakinlər və məcburi köçkünlər, idarə, müəssisə, təşkilat, bələdiyyə, özəl qurum rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Vətən müharibəsi zamanı Azərbaycan ordusunun şücaətindən, o cümlədən Yuxarı Çəmənli kəndindən olan hərbiçilərin mərdlik və qorxmazlığından danışdı. Daha sonra Asif Ağayev sakinlərdən onları narahat edən məsələlər barəsində çıxış etmələrini xahiş etdi.
Görüşdə kənd sakinləri məktəbin giriş hissəsində yol hərəkət nişanlarının quraşdırılmasını, şəhid ailəsi üçün inşa edilmiş yeni yaşayış evinə qaz xəttinin çəkilməsini, şəhid ailələrinə əlavə torpaq sahəsinin verilməsini, pay torpaq sahəsinin dövlət aktında vətəndaşın ad səhvliyinin düzəldilməsini xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev sakinlərin qaldırdıqları məsələlərin həlli istiqamətində rayonun aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Beyləqan rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Yuxarı Çəmənli kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirdilər.