"Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən “Beyləqan gəncləri üçün liderlik məktəbi" layihəsi başa çatıb.
09 aprel 2025 | 00:34
Tədbirin son günündə İctimai Birliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin əməkdaşı Murad Qasımlı tərəfindən “İctimaiyyətlə əlaqələr, sosial medianın rəsmi idarə olunması” mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılara effektiv ictimaiyyətlə əlaqələr strategiyalarının qurulması, müasir dövrdə sosial medianın rolu, sosial media üçün məlumatların hazırlanması, media savadlılığı barədə məlumatlar verilib.
Təlimdən sonra ümumi icmal və təlimlər müddətində öyrənilən mövzuları əhatə edən suallardan ibarət imtahan keçirilib.
Mükaflandırma mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov layihəni uğurla bitirən iştirakçıları təbrik edib. O, gənclərin maariflənməsində Heydər Əliyev Fondunun və “Regional İnkişaf İctimai Birliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətini qeyd edərək Beyləqanda da bu cür tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib.
İctimai Birliyin əməkdaşı Murad Qasımlı layihənin məqsədi barədə məlumat verərək təlimlərdə öyrədilən fərdi və komanda daxilində liderlik prinsiplərinin, strateji idarəetmə, motivasiya, problemlərin həlli, yaradıcı düşüncə kimi əsas liderlik bacarıqlarının gənclərin karyerasında rolunu qeyd edib. Tədbirin təşkilində göstərdiyi diqqət və dəstəyə görə Beyləqan Rayon İcra Hakimiyyətinə “Regional İnkişaf” İctimai Birliyi adından təşəkkür edilib.
Daha sonra Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və “Regional İnkişaf” İctimai Birliyinin şöbə müdiri Günay Cəfərli tərəfindən uğurlu nəticə göstərən bütün iştirakçılara sertifikat təqdim olunub.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, xatirə şəkli çəkilib.
Qeyd edək ki, layihənin məqsədi Beyləqan gənclərinin liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək, onların yeni bilik və təcrübələr qazanmasına dəstək vermək, effektiv kommunikasiya və yaradıcı düşüncə kimi keyfiyyətlərə yiyələnmələrinə imkan yaratmaq idi.