Sarısu qəsəbəsində sakinlərlə səyyar qəbul-görüş keçirilib
13 oktyabr 2026 | 19:24
Oktyabrın 13-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Sarısu qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov vətəndaşlarla mütəmadi keçirilən səyyar qəbulların əhalinin müraciətlərinin yerində dinlənilməsi, problemlərin araşdırılması və onların həlli istiqamətində zəruri tədbirlərin görülməsi baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin rayonda aparılan sosial-iqtisadi inkişaf işləri, həyata keçirilən infrastruktur layihələri və qarşıda duran vəzifələr barədə məlumat verib.
Daha sonra qəsəbə sakinlərinin müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.
Sakinlər vətəndaş müraciətlərinə göstərilən diqqətə və əhalinin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.







