Şəhid Abbaslı Hikmət Zahir oğlunun xatirəsi yad edilib.
18 oktyabr 2022 | 17:48
Beyləqan Gənclər Evində 18.10.2022 ci il tarixdə Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Abbaslı Hikmət Zahir oğlunun ailəsi ilə görüş təşkil edilib. Tədbirdə şəhidin ailə üzvləri və yaxınları, Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçiləri Fatma Xıdırlı və Vidadi İbişov, Qarabağ veteranları və əlilləri cəmiyyətinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev, rayon Peşə məktəbinin müəllim və tələbə kollektivi, şəhidin hərbçi yoldaşları, təhsil aldığı F.Hacıyev adına 2 saylı tam orta məktəbin rəhbərlik, müəllim və şagird kollektivi, rayon gəncləri və təşkilatçı Gənclər Evinin kollektivi iştirak edib. Tədbir ilk öncə şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Respublikasının dövlət himni səsləndirilməsilə açıq elan olundu. Gənclər evinin əməkdaşı şəhidin ömür və döyüş yolu haqqında qısa məlumat verdikdən sonra şəhidin anası çıxış edərək övladı ilə birgə yaşadıqları xatirləri bölüşmüş, onun vətən sevgisindən, mübarizə əzmindən, Vətənin istiqlaliyyəti uğrunda göstərdiyi şücaətdən söz açmış və onunla hər zaman fəxr etdiyini qeyd etmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Fatma Xıdırlı çıxış edərək ailəyə dərin hüznlə baş sağlığı vermiş, Azərbaycan xalqının vətən sevgisi, Qarabağ arzusu, Zəfərə gedən yolumuzda keçdiyimiz tarixi anlardan, bu torpaqlar uğrunda canından keçmiş oğullarımızın qəhrəmanlıq və şücaətindən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan Vətən Müharibəsindən bəhs etmişdir. Tədbirin gedişatında şəhid Abbaslı Hikmətin təhsil aldığı məktəbin müəllimləri Hikmətin uşaqlıq illərindən vətəninə,millətinə, ailəsinə bağlı şəxsiyyət olaraq yetişdiyini vurğuladılar, Hikmət kimi vətənpərvər gənclərin müəllimi olduqları üçün fəxr etdiklərini qeyd etdilər.
2 sayli tam orta məktəbin şagirdləri Hikmətin xatirəsinə həsr olunmuş şeir kompozisiyası səsləndirdilər, daha sonra müəssisənin əməkdaşları tərəfindən Şəhid Abbaslı Hikmət haqqında hazırlanmış videoçarx nümayiş olundu. Sonda tədbir iştirakçıları və ailə üzvləri ilə birlikdə xatirə şəkli çəkildi. Şəhid Abbaslı Hikmətin timsalında Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!