Şəhid Abdullazadə İmaməddin Əsgər oğlunun ildönümü qeyd edildi.
07 noyabr 2024 | 15:40
Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Abdullazadə İmaməddin Əsgər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən 4 il keçir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə Kəbirli kəndində şəhidin xatirəsinə keçirilən məclisdə iştirak edib, yaxınlarına baş sağlığı veriblər.
Məclisdə şəhidin qısa amma mənalı həyatından, Vətənə olan sevgisindən, döyüşlər zamanı şücaətindən söz açılıb, ruhuna dualar oxunularaq əziz xatirəsi ehtiramla yad edilib.
RİH başçısı Əziz Əzizov şəhidin ailəsinə baş sağlığı verərək sabah, yəni 8 Noyabr-Zəfər Gününün memarının İmaməddin kimi cəsur Vətən oğullarının olduğunu, buna görə də bir ömür boyu onlara borclu olacağımızı diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri ziyarətçilərə öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə öz təşəkkürünü bildirib.
Xatırladaq ki, İmadəddin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. O, həmçinin 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.
Vətən Müharibəsi zamanı “Çalmalı" ləqəbi ilə tanınan İmaməddin 2020-ci il noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Abdullazadə İmaməddin Əsgər oğlu ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin!