Şəhid Ağazadə Mirtalıb Heydər oğlu Beyləqanda son mənzilə yola salındı.
14 sentyabr 2022 | 15:33
Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Ağazadə Mirtalıb Heydər oğlu doğulduğu Beyləqan rayonuna gətirilərək şəhidlər xiyabanında dəfn olunub. Böyük izdihamla keçirilən vida mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon İcra Hakimiyyətinin başçıları, hüquq-mühafizə orqanlarının kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin hərbçi yoldaşları, veteran və qazilər iştirak ediblər. Dəfn zamanı əbədi xatirə kimi saxlanılması üçün üçrəngli müqəddəs bayrağımız şəhidin atasına təqdim olunub. Qeyd edək ki, Mirtalıb Ağazadə 16 yanvar 1994-cü ildə Beyləqan rayon İkinci Aşıqlı kəndində anadan olub. Kiçik yaşlarından anasını itirib. Atası və iki qardaşının himayəsində böyüyüb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Mirtalıb ötən il könüllü olaraq ordu sıralarına qoşularaq müddətdən artıq hərbi qulluqçu kimi Vətən keşiyində dayanıb.
Allahdan qəhrəman şəhidimizə rəhmət diləyir, şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk!