Şəhid Ağazadə Mirtalıb Heydər oğlunun anım günü qeyd olunub.
13 sentyabr 2024 | 17:30
13 sentyabr 2022-ci il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Ağazadə Mirtalıb Heydər oğlunun anım günü qeyd olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon Prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının şöbə müdirləri, QMƏVŞA İctimai Birliyinin rayon şöbəsinin sədri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli həyat yolundan bəhs olunub. RİH başçısı Əziz Əzizov şəhidin yaxınlarına baş sağlığı verərək bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Mirtalıb kimi şəhidlərimizin və rəşadətli ordumuzun gücü-qüvvəti hesabına Qarabağ öz doğma sahibinə qayıdıb. Bu böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsi daim yad olunacaq, yaddaşlardan heç vaxt silinməyəcək.
Qeyd edək ki, Ağazadə Mirtalıb Heydər oğlu 1994-ci il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. 2021-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub.
2022-ci ilin sentyabrında Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan rayonun İkinci Aşıqlı kəndində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirtalıb Ağazadə “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.