Şəhid ailələrinə diqqət və qayğı daim diqqət mərkəzindədir
14 sentyabr 2026 | 17:03
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bu gün Şəhidlər Xiyabanında olarkən şəhid Qurbanzadə Mövlud Söhbət oğlunun anası Rəna xanımın və hərbi xidmət zamanı həlak olmuş Əmiraslanov Tural Yaşar oğlunun anası Nəzakət xanımın doğum günləri münasibətilə onları təbrik edib.
İcra hakimiyyətinin başçısı şəhid analarına səmimi təbriklərini və xoş arzularını çatdırıb, onlara möhkəm cansağlığı və uzun ömür arzulayıb. Bildirib ki, Vətən uğrunda canından keçmiş qəhrəman övladların anaları kimi onlar daim böyük ehtiram və hörmətə layiqdirlər. Şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının daim davam etdirildiyini bildirib.
Görüş zamanı şəhid analarının qayğıları və sosial vəziyyətləri ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib.
Rəna xanım və Nəzakət xanım göstərilən diqqətə və doğum günləri münasibətilə ünvanlanan səmimi təbriklərə görə minnətdarlıqlarını bildiriblər. Onlar şəhid ailələrinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğını hər zaman hiss etdiklərini, bu münasibətin onlar üçün böyük mənəvi dayaq olduğunu qeyd edərək təşəkkürlərini ifadə ediblər.







