Şəhid Dəmirov Siyahim Əlizamin oğlunun mövlud günü məzarı başında qeyd olunub.
13 sentyabr 2024 | 17:56
13 sentaybr 2024-cü il tarixdə 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Dəmirov Siyahim Əlizamin oğlunun doğum günü məzarı başında qeyd olunub. Mövlud tədbirində Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Prokuroru Ramazan Hadıyev, Rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsinin müdiri Vidadi Qurbanov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin müdiri Rövşən Namazəliyev, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, veteranlar və kənd ictimaiyyəti iştirak etmişdir.
Şəhid Dəmirov Siyahim Əlizamin oğlunun məzarı üstünə tər gül dəstələri düzülmüş, ruhuna dualar oxunmuşdur.
Qeyd edək ki, şəhid Siyahim Dəmirov 13 sentyabr 1990-cı ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb.
Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.
Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən istehkamlarının dağıdılmasında böyük xidmətləri olub. Bununla da o, Şuşanı fəth edən ilk hərbçilərdən biri kimi Azərbaycan tarixinə düşməyi bacarıb.
Eyni zamanda şəhid hərbçi Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Sonda isə namərd gülləsinə tuş gələrək şəhid olub.
Ölümündən sonra Siyahim Dəmirov ''Qarabağ'' ordeni, eləcə də ''Vətən uğrunda'' , “Vətən müharibəsi iştirakçısı”, ''Kəlbəcərin azad olunmasına görə'', Cəbrayılın azad edilməsinə görə”, “Şücaətə görə” və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!