Şəhid İsmayılov İlqar Mehdi oğlunun doğum günü qeyd olunub.
23 avqust 2024 | 11:42
23 avqust 2024-cü il tarixdə 44 günlük Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış İsmayılov İlqar Mehdi oğlunun doğum günü onun məzarı başında qeyd olunub.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Namazəliyev şəhidin ailə üzvləri və yaxınları ilə birgə şəhidin məzarını ziyarət edib, ruhuna dualar edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, İlqar Mehdi oğlu İsmayılov 1988-ci il avqustun 23-də Beyləqan şəhərində anadan olub. 1994-2005-ci illərdə F. Hacıyev adına tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı.
Azərbaycan Ordusunun çavuşu olan İlqar İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlqar İsmayılov sentyabrın 27-də Cəbrayıl döyüşləri zamanı Nüzgar istiqamətində Piyadaların Döyüş Maşınının (PDM) vurulması nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!