Şəhid Məmmədli Rahil Şəmil oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı baş tutub.
Beyləqanda şəhid Məmmədli Rahil Şəmil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün adını daşıyan bulaq kompleksi inşa olunub. Kompleksin açılış mərasimində Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, aparatın şöbə müdirləri İlqar Quliyev və Heybət Əliyev, qazi və veteranlar, şəhid ailələri, təhsil işçiləri və məktəb kollektivi, idarə və müəssisə kollektivi iştirak edib.
Əvvəlcə şəhid Rahil Məmmədlinin məzarı ziyarət edilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhuna dualar oxunub. Sonra bulaq kompleksinin önündə açılış mərasimi keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova çıxış edərək Rahil kimi neçə-neçə qəhrəmanlarımızın uzun müddətdir erməni işğalı altında olan Qarabağı Şanlı Qələbə ilə öz dogma sahibinə qaytardığını və böyük bir tarix yazan həmin qəhrəmanlarımızın Azərbaycan xalqının yaddaşında daim yaşayacağını qeyd edib.
Çıxış edənlər Rahilin Vətənə olan sevgisindən, keçdiyi döyüş yolundan söhbət açıblar. Bildirilib ki, Rahil 1994-cü il noyabrın 22-də Beyləqanda dünyaya göz açıb. Uşaq yaşlarından Vətənə böyük məhəbbət bəsləyən Rahil hərbçi olmaq arzusu ilə yaşayıb. Yeniyetmə çağlarından idmanla məşğul olub. 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb və sərhədçi olaraq Vətənin keşiyində dayanıb. Xidmətini bitirdikdən bir müddət sonra yenidən ordu sıralarına qayıtmaq üçün müraciət edib və 2019-cu ildən müddətdən artıq hərbçi kimi xidmət edib.
Rahil Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə yer alıb. Xüsusi şücaəti ilə seçilən Rahil Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olub. 44 günlük müharibədə bir çox uğurlu tapşırığın yerinə yetirilməsində fərqlənib və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Müharibə başa çatdıqdan sonra 2021-ci il oktyabrın 25-də xidməti tapşırıq yerinə yetirərkən Xocavəndin Tuğ kəndi ərazisindəki qəzada şəhid olub və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunduqdan sonra bulaq kompleksinin açılışı baş tutub.