Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədov Emin Fazil oğlunun ailəsi ziyarət olunub.

19 may 2022 | 13:36

       Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatının məsul əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon Şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsinin rəhbərliyi İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Emin Fazil oğlunun ailəsinə onun doğulduğu Birinci Şahsevən kəndində baş çəkib.
Görüşdə Asif Ağayev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını vurğulamışdır.
İcra başçısı A.Ağayev şəhid ailəsinin üzvləri ilə söhbət aparmış, onları narahat edən problemlərlə maraqlanmışdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Məmmədov Emin də daxil olmaqla torpaqlarımızın azadlığı uğrunda canından keçən Birinci Şahsevən kəndindən olan şəhidlərin məzarları ziyarət olunmuş, ruhlarına ehtiram əlaməti olaraq dualar oxunulmuşdur.
Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn Məmmədov Emin Fazil oğlu 1997-ci ilin noyabr ayının 10-da rayonun Birinci Şahsevən kəndində anadan olub. Hərbiçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Emin N saylı hərbi hissələrin birində hərbiçi kimi fəaliyyətə başlamışdır. 3 ay sonra isə Vətən Müharibəsi başlayan zaman Emin də döyüşlərə qatılmış və döyüş yolu Füzuli, Cəbrayıl və Hadrutdan keçmişdir. Emin bu döyüşlərdə saysız qəhrəmanlıq nümunəsi göstərərək  düşməni döyüş yoldaşları ilə birlikdə məhv etdi. Lakin noyabrın 3-ü onun son döyüş günü oldu. Daşaltı uğrunda gedən şiddətli döyüşdə Emin şəhidlik zirvəsinə ucaldı.  
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Emin Məmmədov ölümündən sonra "Vətən uğrunda",  "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə"  və  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

Keçidlər