Şəhid Mirtalıb Ağazadənin xatirəsi ehtiramla yad edilib
14 sentyabr 2026 | 12:50
2022-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş Ağazadə Mirtalıb Mirheydər oğlunun anım günü münasibətilə məzarı ziyarət olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları şəhidin ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidin ailə üzvləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov onlara dərin hüznlə başsağlığı verib, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə yüksələn igidlərin şücaətini heç zaman unutmayacaq.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.







