Şəhid övladları yay düşərgəsinə yola salınıb
20 iyul 2026 | 10:21
Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, YAŞAT Fondunun təşkilatçılığı ilə şəhid övladlarının sosial rifahının yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.
Növbəti sosial dəstək tədbiri çərçivəsində rayonun 10–14 yaş aralığında olan 8 nəfər şəhid övladı Lənkəran Springs Wellness Resort otelində təşkil olunan yay istirahət düşərgəsində iştirak etmək üçün yola salınıb. Uşaqlar iyulun 24-dək davam edəcək düşərgə müddətində müxtəlif idman, əyləncə, yaradıcılıq və maarifləndirici proqramlarda iştirak edəcək, onların mənalı və yaddaqalan istirahəti üçün hərtərəfli şərait yaradılacaq.
Qeyd edək ki, cari ilin iyun ayında da Beyləqan rayonundan 8 nəfər şəhid övladı eyni layihə çərçivəsində Lənkəranda təşkil olunan yay düşərgəsində istirahət edib. Şəhid ailələrinə göstərilən diqqət və qayğının davamı olan bu layihə uşaqların sosial inteqrasiyasına, sağlam inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir.
Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də layihənin həyata keçirilməsində əməyi olan YAŞAT Fonduna və Beyləqan Rayon İcra Hakimiyyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.







