Şəhid övladlarına məktəb ləvazimatları təqdim edildi
01 sentyabr 2025 | 17:47
Azərbaycan dövləti tərəfindən şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri nəticəsində şəhid övladlarının təhsil və inkişaf imkanlarının genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşıb. Bu yanaşma təkcə sosial dəstək deyil, həm də şəhidlərimizin müqəddəs xatirəsinə göstərilən dərin ehtiramın ifadəsidir.
Bu istiqamətdə həyata keçirilən növbəti dəstək tədbiri çərçivəsində Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “YAŞAT” Fondunun dəstəyi ilə 2025–2026-cı tədris ilinin başlanması münasibətilə Vətən Müharibəsi və sonrakı dövrlərdə şəhid olmuş qəhrəmanlarımızın 83 nəfər övladına məktəb ləvazimatı dəstləri təqdim olunub. Bu dəstək, şəhid övladlarının təhsilə daha böyük maraqla başlamasına, onların sosial təminatının gücləndirilməsinə xidmət edir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.







