Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Quliyev Əvdil Qardaşxan oğlunun ailəsi ildönümü ilə əlaqədar ziyarət olunub.

08 noyabr 2024 | 12:49
Bu gün Zəfər Günündə daha bir şəhidimiz, Quliyev Əvdil Qardaşxan oğlunun ailəsi Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri tərəfindən Təzəkənd kəndində ziyarət olunub.
 
Ziyarət zamanı Şəhid Hərbi müəllim Quliyev Əvdil Qardaşxan oğlunun xatirəsi hörmət və ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi igidliklər və vətənpərvərliyi vurğulanıb. Beyləqan RİH başçısı Əxiz Əzizov Əvdil Quliyevin hərbi müəllim kimi gənc nəslə vətən sevgisi və milli dəyərlər aşılayan bir şəxsiyyət kimi tanındığını, onun vətənpərvərliyinin və mübarizliyinin gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacağını qeyd edib.
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Əvdil Qardaşxan oğlu Quliyev 31 iyul 1972-ci ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olub. 1996-cı ildə həqiqi hərbi xidmətə çağırılan Əvdil Quliyev Tovuzda yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandiri kimi xidmətə başlayıb və 2000-ci ildə "baş leytenant" rütbəsi ilə xidmətini başa vurub. O, 2018-ci ildən etibarən Ə.Məmmədov adına Təzəkənd kənd tam orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənninin tədrisi ilə məşğul olub. 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edən Əvdil Quliyev Vətən müharibəsinin başlanması ilə yenidən ordu sıralarına qayıdıb və Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. O, 6 noyabr 2020-ci ildə Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olub.
 
Əvdil Quliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
 
Ruhu şad olsun!
Keçidlər