Şəhid Teymurov Mansur Elnur oğlunun doğum günü qeyd edilib.
Şəhid Teymurov Mansur Elnur oğlunun doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Ərazi İcra nümayəndəliyi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını bildirmişlər. Daha sonra şəhidin böyüyüb boya-başa çatdığı evində doğum günü münasibəti ilə tədbir təşkil olunub. Şəhidin ailə üzvləri və yaxınları, hərbçi yoldaşları Mansurla yaşadıqları xatirələri bölüşüb, onun nümunəvi və cəsarətli gənc olmasından geniş söhbət açıblar.
Qeyd edək ki, Mansur Elnur oğlu Teymurov 1999-cu ilin 5 iyununda Beyləqan rayonunun İkinci Şahsevən kəndində anadan olub. Mansur, orta təhsilini başa vurduqdan sonra Beyləqan rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Naxcıvan Muxtar Respublikasına həqiqi hərbi xidmətə yola salınıb. Mansur Günnüt əməliyyatında iştirak edib və Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənov tərəfindən şəxsən mükafatlandırılıb.
Mansurun Vətənə olan sevgisi onu 2019 -cu ildə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissələrin birində müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu kimi xidmətə başlamağına sövq edib. Vətənimizin igid oğlu Mansur hər zaman işğal altında olan torpaqlarımın işğaldan azad olunması arzusu ilə yaşayıb. Vətən müharibəsində hünərlə iştirak edən Mansur hərbi tibbi yardım maşını ilə ən ağır nöqtələrdən yaralılarımızı xəstəxanaya çatdırıb. Bununla yanaşı bəzən döyüşdə yaralı əsgərlərimizi döyüş meydanından çıxarıb.
Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edib və böyük qəhrəmanlıqlar göstərib. Qəhrəman Mansurun döyüş yolu Xocavənd istiqamətində də davam edib və o, oktyabr ayının 18 -də Xocavənd rayonunun azad olunması uğrunda şəhid olub. Şəhidin nəşi səhərisi gün doğulub, boya-başa çatdığı Beyləqan rayonunun İkinci Şahsevən kəndinə gətirilib və böyük izdihamla torpağa tapşırılırb.
Ölümündən sonra "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə" , "İgidliyə görə" , "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.