Şəhid Vəliyev Elnur Mirsiyab oğlunun doğum günü qeyd olundu.
30 avqust 2024 | 12:37
30 avqust 2024-cü il tarixdə Beyləqan rayonunun Təzəkənd kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Elnur Mirsiyab oğlunun doğum günü qeyd olunub.
Mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, rayon Polis şöbəsinin rəisi Ceyhun Qurbanov, RİH başçısı aparatının nümayəndələri, təşkilat nümayəndələri, kənd ictimaiyyəti, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak edib.
Mərasim iştirakçıları tərəfindən əvvəlcə şəhid Elnur Vəliyevin və digər şəhidlərimizin kənd qəbiristanlığındakı məzarları ziyarət olunub, üzərilərinə tər çiçək dəstələri düzülüb və əziz ruhlarına dualar oxunulub.
Sonra şəhidimizin xatirəsinə ehsan süfrəsi açılıb. Çay süfrəsi ətrafında toplaşan ziyarətçilər şəhid Elnur Vəliyevin keçdiyi qısa, lakin şərəfli ömür yolundan danışıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Elnur Mirsiyab oğlu 30 avqust 1999-cu ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olub.
Vəliyev Elnur Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 29 sentyabr 2020-ci il tarixdə Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub.
Allah rəhmət etsin!