Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub
17 iyun 2026 | 19:47
17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü Beyləqan rayonunda səhiyyə işçilərinin iştirakı ilə qeyd olunub.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Beyləqan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi və kollektivi iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon nümayəndəsi Ulduz İbrahimova tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, ölkəmizdə səhiyyə sahəsinin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlardan, tibb işçilərinin cəmiyyət həyatındakı mühüm rolundan və onların insan sağlamlığının qorunmasında göstərdikləri fədakar xidmətlərdən bəhs edib.
Daha sonra çıxış edən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun tibb işçilərinin peşə bayramı münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb, ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu səhiyyə siyasətindən və tibb işçilərinin cəmiyyət qarşısındakı mühüm xidmətlərindən danışıb.
Daha sonra Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları bir qrup səhiyyə işçisinə təqdim olunub.
“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Leylan Nəsirova çıxış edərək səhiyyə işçilərinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, son illərdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışıb və gələcəkdə də əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi istiqamətində səylə çalışacaqlarını vurğulayıb.
Tədbirdə çıxış edən həkimlər və şəhid ailəsinin üzvü olan tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, həkim peşəsinin məsuliyyətindən, insan sağlamlığının keşiyində dayanmağın şərəfli və müqəddəs vəzifə olmasından danışıblar.
Həmçinin tədbirdə Yeni Azərbaycan Partiyası Beyləqan Rayon Təşkilatı və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən bir qrup tibb işçisinə fəxri fərman və müxtəlif təltiflər təqdim olunub.







