“Uşaqlara kitab verək, həyat yükü yox: erkən evliliyə birlikdə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
02 mart 2026 | 17:57
Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələrinin də iştirakı ilə erkən evliliyin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Rayon Gənclər Evində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, daha sonra mövzuya həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova Uşaq Səfirləri Məclisinin fəaliyyəti, məqsəd və vəzifələri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Məclis uşaqların ictimai fəallığının artırılması, onların hüquqlarının müdafiəsi və təşəbbüskarlıq bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm platformadır. Y.Məmmədova çıxışında erkən evliliyin sosial, hüquqi və mənəvi fəsadlarından geniş bəhs edərək bildirmişdir ki, bu kimi halların qarşısının alınması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Daha sonra çıxış edən Uşaq Səfirləri Məclisinin Beyləqan rayon nümayəndələri – Beyləqan şəhər 6 saylı tam orta məktəbin şagirdi Rihat İsmayılzadə və Beyləqan şəhər 5 saylı tam orta məktəbin şagirdi Fatimə Cavadova erkən evlilik mövzusunda öz fikir və düşüncələrini bölüşmüşlər. Onlar çıxışlarında erkən evliliyin uşaqların arzularını, təhsil planlarını və gələcək karyera imkanlarını yarımçıq qoyduğunu vurğulamış, həmyaşıdlarını təhsilə üstünlük verməyə, hüquqlarını bilməyə və gələcəklərini öz seçimləri əsasında qurmağa çağırmışlar.
Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fatma Xıdırlı çıxış edərək erkən evliliklə bağlı qanunvericilik aspektləri, nikah yaşı, erkən nikaha yol verildiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulan məsuliyyət tədbirləri, eləcə də gənc qızların malik olduqları hüquqlar barədə ətraflı məlumat verib. Həmçinin ötən il ərzində rayonda erkən evliliyin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Tədbir çərçivəsində “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin həkimi Günel Bayramova erkən evliliyin tibbi fəsadlarından danışaraq bu kimi halların ana və uşaq sağlamlığı üçün ciddi risklər yaratdığını vurğulamıdır. Beyləqan şəhər 5 saylı tam orta məktəbin direktoru İlhamə İsmayılzadə erkən evliliyin təhsildən yayınmaya səbəb olduğunu, bunun isə gələcək sosial rifaha mənfi təsir göstərdiyini qeyd etmiş, Beyləqan Rayon Gənclər Evinin psixoloqu Zivər Əsədova isə erkən evliliyin psixoloji təsirlərindən, yetkinlik dövründə emosional və psixoloji hazırlığın formalaşmamasının ailə münasibətlərində problemlərə səbəb ola biləcəyindən bəhs etmişdir.
Sonda iştirakçılarla geniş müzakirə aparılmış, suallar cavablandırılmış və erkən evliliyin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti bir daha vurğulanmışdır. Tədbir gənclərin mövzuya həssas yanaşmasının və sağlam gələcək naminə birgə fəaliyyətin vacibliyinin ifadəsi kimi qiymətləndirilmişdir.







