Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi ilə bağlı marifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli, 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiya”nın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planının müvafiq bəndinin icrasına uyğun olaraq Beyləqan rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə marifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində valideynlərlə görüş təşkil olunub, onların uşaqların təhsil, asudə vaxt və inkişaf imkanlarının genişləndirilməsinə dair təklif və rəyləri dinlənilib.
Beyləqan rayon İcra Hakimiyyətinin əməkdaşı Suliddin Əsgərov çıxışında bildirib ki, valideynlərin iştirakı uşaqların maraqlarına uyğun fəaliyyətlərin təşkili və yeni platformaların yaradılmasında həlledici rol oynayır. Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov isə tədbirin məqsədini belə izah edib: valideynlərlə mütəmadi görüşlər uşaqların maraqlarına toxunan sahələrdə onların iştirakını təmin etməyə və fəaliyyətin daha effektiv təşkili üçün şərait yaratmağa imkan verir.
Tədbir çərçivəsində həmçinin uşaqların psixososial inkişafına, rəqəmsəl texnologiyaların rolu, riskləri və imkanları mövzusunda da ətraflı çıxışlar olub, valideynlərə bu sahədə praktiki tövsiyələr təqdim edilib.
Görüşdə valideynlərin iradə və tövsiyələri diqqətlə dinlənilib, gələcəkdə uşaqların sosial, təhsil və mədəni fəaliyyətlərində onların iştirakını daha da artırmaq istiqamətində bir sıra təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulub.
Tədbirin sonunda valideynlər, uşaqların inkişafı və maraqlarının qorunması istiqamətində görülən işlərə görə Beyləqan rayon İcra Hakimiyyətinə və Mil-Muğan Regional Təhsil İdarəsinə minnətdarlıqlarını ifadə ediblər.







