Vətən Müharibəsi şəhidi Atakişiyev Toğrul Ramin oğlunun şəhadətə yüksəlməsinin 4-cü ildönümü qeyd olunub.
26 oktyabr 2024 | 16:55
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Beyləqan şəhər sakini Atakişiyev Toğrul Ramin oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nın müavini,şöbə müdirləri və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rövşən Namazəliyev ilə birgə şəhidin ailəsini ziyarət edib, ehsan süfrəsində iştirak ediblər.
Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, ruhuna dualar oxunub. Söhbət zamanı şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan Əziz Əzizov ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman şəhid və qazilərimizin fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini, qazanılan tarixi zəfərin memarları olan şəhidlərimizin xatirəsinin daim uca tutulacağını qeyd edib.
Şəhid ailəsi şəhidlərə, qazilərə, şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Toğrul Atakişiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.