Vətən Müharibəsi şəhidi Həsənov Ərəstun Əfşan oğlunun ildönümü ilə əlaqədar ailəsi ziyarət olunub.
02 noyabr 2024 | 08:20
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,YAP rayon təşkilatının sədri,hüquq mühafizə orqanlarının rəhbərləri,RİH-nin müavin və şöbə müdirləri ilə birgə Vətən Müharibəsi şəhidi Həsənov Ərəstun Əfşan oğlunun ildönümü ilə əlaqədar Kəbirli kəndində şəhidin ailəsini ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid Ərəstun Həsənovun keçdiyi döyüş yolundan, eləcə də Kəbirli kəndinin Respublika üzrə ən çox şəhid verən kənd olduğundan söhbət açılıb.
RİH başçısı Əziz Əzizov tarixi torpaqlarımızı düşmən tapdağından azad edən, şanlı üçrəngli bayrağımızı Vətən göylərində böyük məğrurluqla dalğalandıran Azərbaycan şəhidlərimizə hər zaman borclu olduğumuzu və ona görə də onların əziz xatirəsini qəlbimizdə daim yaşayacağını qeyd edib.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Ərəstun Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ərəstun Həsənov noyabrın 3-də Şuşa şəhəri istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ərəstun Həsənov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə də təltif edilib.