Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Səxavət İsmayılovun doğum günü onun məzarı başında anıldı.

19 avqust 2022 | 12:33
Beyləqan rayonunun Dünyamalılar kənd şəhidi Səxavət İsmayılovun doğum günü münasibəti ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, şəhidin ailə üzvləri və yaxınları, qazilər, ictimaiyyət nümayəndələri onun məzarını ziyarət etmiş, üzərinə gül dəstələri düzərək ruhuna dualar oxumuşlar.
Qeyd edək ki, Vətən müharibəsinə könüllü yollanan qəhrəmanlarımızdan biri də Səxavət İsmayılovdur. O, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı hər şeydən üstün tutdu.
Səxavət 1997-ci il avqustun 19-da rayonun Dünyamalılar kəndində dünyaya göz açıb. Atası Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Səxavət də böyüyəndə hərbçi olmağı arzulayırdı. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən qəhrəmanımız hər zaman həmyaşıdlarından fərqlənib. Atası ilə hər söhbətində düşmənə qarşı nifrəti daha da artıb, torpaqlarımızı azad etmək arzusu ilə yaşayıb.
Həqiqi hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerinə yetirən Səxavət nizamlı olduğuna və xidmətinə görə fəxri fərmanla təltif edilib. Səxavət hələ Tovuz döyüşlərində könüllü olaraq Səfərbərlik Xidmətində qeydiyyata alınmaq üçün müraciət edib. Vətən müharibəsi ərəfəsində isə Səxavətə gələn çağırış sanki onun ən böyük arzusunun gerçəkləşməsi idi.
Vətən Müharibəsi zamanı Səxavətin ilk döyüş yolu Füzuli istiqamətindən başladı. Bir neçə postun azad edilməsində şücaəti ilə seçilən Səxavətin növbəti tapşırıqları isə Cəbrayıl istiqamətində idi. Qəhrəmanımız ağır döyüşlərin birində, oktyabrın 7-də şəhidlik zirvəsinə ucaldı.
Döyüşlərdə göstərdiyi şücaətə görə İsmayılov Səxavət Sabir oğlu ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
 
 
 
 
Keçidlər