Vətən Müharibəsi veteranının xatirəsi ehtiramla yad edilib
10 iyun 2025 | 13:28
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətən Müharibəsi veteranı, Kəbirli kənd sakini Səfərzadə Rəsul Vüqar oğlunun vəfatının ildönümü münasibətilə keçirilən anım mərasimində iştirak edib.
Anım mərasimində həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları iştirak ediblər.
Rayon rəhbəri veteranın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onun vətən qarşısında göstərdiyi şücaət və fədakarlığının hər zaman hörmətlə yad ediləcəyini bildirib. Əziz Əzizov vurğulayıb ki, Rəsul Səfərzadə kimi igidlərimizin qəhrəmanlığı Azərbaycanımızın müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynayıb və onların xatirəsi daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur.
Rəsul Səfərzadənin ailəsi rayon rəhbərliyinə təşəkkür edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərilən şücaətə görə oğullarının fədakarlığını qürurla xatırlayıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə ediblər.
Qeyd edək ki, Rəsul Səfərzadə 44 günlük Vətən Müharibəsi zamanı Şuşa, Laçın və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək şərəfli döyüş yolu keçmişdir. Qəhrəmanımız səhhətində olan ümumi xəstəliklə bağlı uzun müddət müalicə almasına baxmayaraq, ötən il vəfat edib.
O, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzuli azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!







