Yeni Mil qəsəbəsində vətəndaşların müraciətləri dinlənilib
11 avqust 2026 | 18:33
11 avqust 2026-cı il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun Yeni Mil qəsəbəsində sakinlərlə səyyar vətəndaş qəbulu keçirib.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun səyyar vətəndaş qəbulunda Beyləqan Rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə və sektor müdirləri, aidiyyəti qurumların rəhbərləri və digər məsul şəxslər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən, regionların sosial-iqtisadi inkişafının təmin olunması istiqamətində görülən tədbirlərdən danışıb. Bildirib ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri vətəndaş məmnunluğunun təmin edilməsi, insanların müraciətlərinə həssaslıqla yanaşılması və onları narahat edən məsələlərin operativ həllidir.
Qəbul zamanı Yeni Mil qəsəbəsinin sakinləri sosial, kommunal, infrastruktur və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması və əlavə tədbirlərin görülməsi tələb olunan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov sakinləri maraqlandıran məsələlərin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə həll edilməsi üçün lazımi tədbirlərin görüləcəyini bildirib.
Sakinlər onlara göstərilən diqqət və qayğıya, eləcə də ölkədə həyata keçirilən məqsədyönlü siyasətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.







