Yeni Mil və Milabad qəsəbələrində şəhidlərimizin məzarları ziyarət olunub
24 sentyabr 2026 | 11:17
27 Sentyabr – Anım Günü ərəfəsində Beyləqan rayonunda şəhidlərin məzarlarının ziyarəti davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, Beyləqan rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov, həmçinin rayon icra hakimiyyətinin əməkdaşları Yeni Mil və Milabad qəsəbələrində şəhidlərimizib məzarlarını ziyarət ediblər.
Ziyarət çərçivəsində şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi ehtiramla yad edilib. Şəhidlərin ruhuna dualar oxunaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə dərin hörmət ifadə olunub.
Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixi Zəfərin əldə olunması şəhidlərimizin canı və qanı bahasına mümkün olub. Dövlət tərəfindən şəhid ailələrinə və Vətən Müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Şəhidlərimizin müqəddəs xatirəsi daim uca tutulacaq, onların qəhrəmanlığı və Vətən uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün əbədi örnək olaraq qalacaq.







