“Zəfər Günü – Milli-Dini Həmrəyliyin Təntənəsi” mövzusunda tədbir keçirilib
29 oktyabr 2025 | 09:30
“Konstitusiya və Suverenlik ili” çərçivəsində 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ildönümü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin birgə təşkilatçılığı ilə “Zəfər Günü – Milli-Dini Həmrəyliyin Təntənəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Yeganə Məmmədova, DQİDK-nin Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət, DQİDK-nin Mil-Muğan regional bölməsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, həmin bölmənin əməkdaşları, Beyləqan rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov, Beyləqan rayonu “Cərcis Peygəmbər” ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov, şəhid ailələri, təşkilat rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət Himnini səsləndirilməsi ilə açıq elan olunub, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova Zəfər Gününün xalqımızın milli birliyinin, dövlətçilik iradəsinin və mənəvi gücünün simvoluna çevrildiyini bildirib. O, Vətən müharibəsində əldə olunan tarixi Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalq–ordu birliyinin nəticəsi olduğunu vurğulayıb.
DQİDK-nin Regionlarla iş şöbəsinin məsləhətçisi Ramil Hikmət çıxışında qeyd edib ki, Zəfər Günü yalnız hərbi-siyasi deyil, həm də mənəvi yüksəlişin, milli və dini həmrəyliyin parlaq təzahürüdür. Azərbaycanın Qələbəsi təkcə torpaqların azadlığı deyil, həm də ədalətin bərpası, milli ruhun dirçəlişidir.
Çıxış edən digər natiqlər-Beyləqan rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov, QMVƏVŞAİB Beyləqan şöbəsinin rəhbəri Rövşən Namazəliyev, “Cərcis Peyğəmbər” ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov, Şəhid Famil və Şamil Həsənovların anası Aybəniz Həsənova və digər iştirakçılar bildirdilər ki, Zəfər Günü milli və dini dəyərlərin vəhdətini, şəhidlik zirvəsinin ucalığını bir daha göstərir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qəhrəmanların xatirəsi daim ehtiramla yad olunur və onların ruhu xalqımız üçün mənəvi dayağa çevrilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.







