Zəfər günündə Vətən Müharibəsi şəhidlərinin ildönümləri qeyd edilib.
08 noyabr 2024 | 12:43
Torpaqlarımızı yağı düşməndən azad edən, Qarabağı bizə bəxş edən vətən oğullarının əziz xatirəsi Beyləqanda daim uca tutulur, ehtiramla yad edilir.
Bu gün həmin qəhrəmanlardan şəhid Həsənzadə Famil Şiraslan oğlu və şəhid Rzayev Qəhrəman Bəhmən oğlunun xatirələri Kəbirli kəndində, onların ata ocaqlarında keçirilən ildönümü mərasimlərində yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri və RİH başçısı aparatının nümayəndələri ilə birgə hər iki şəhidin evində təşkil olunan məclislərdə iştirak edib, ruhlarına dualar oxuyaraq sonsuz ehtiramlarını bildiriblər.
Beyləqan RİH başçısı Əziz Əzizov şəhid ailələrinə dərin hüznlə baş sağlığı verərək, Ali Baş Komandan İlham Əliyevin dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində bu gün Qarabağımızın azad olduğunu və buna görə də şəhidlərimizin ruhunun daim şad olduğunu bildirdi. Rayon rəhbəri Azərbaycan gəncliyi və gələcək nəsillərinin belə qəhrəman oğullarımızı daim fəxr və qürurla anacağını vurğuladı.
Şəhidlərin ailə üzvləri onların qısa amma mənalı həyatından, vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətdən danışıb, Qələbədə payı olan övladları ilə fəxr etdiklərini bildirdilər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Həsənzadə Famil Şiraslan oğlunun qardaşı Həsənzadə Şamil Şiraslan oğlu da ötən il baş verən Lokal xarakterli antiterror əməliyyatında qardaşının qisasını alaraq şəhidlik zirvəsinə ucalıb.
Allah rəhmət eləsin!